Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru d-r Tedros Adhanom Qebreyesus “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası kontekstində səhiyyə islahatları” mövzusunda Milli Konfransda iştirak etmək üçün 4-6 iyul 2018-ci il tarixlərində Bakı şəhərində səfər etmişdir. Bu, d-r Tedrosun ÜST-nin baş direktoru qismində ölkəyə ilk rəsmi səfəridir.
Səfər zamanı baş direktor Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində fəaliyyət göstərən, dünyada həbsxanalarda vərəmə nəzarət sahəsində ÜST ilə Əməkdaşlıq Mərkəzi statusuna malik olan yeganə Təlim Mərkəzinə baş çəkmişdir. Baş Direktorun mərkəzin fəaliyyəti barədə məlumatlandırılması məqsədi ilə ƏN TBİ rəisi tərəfindən geniş təqdimat hazırlanmışdır.
Səfər çərçivəsində D-r Tedros Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə və Azərbaycanın digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Azərbaycan Respublikasının baş nazirinin müavini və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovla, səhiyyə naziri Oqtay Şirəliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirmiş, həmçinin, Azərbaycanın Milli Onkologiya Mərkəzinə baş çəkmişdir.