2019-cu ilin mart ayında ÜST Avropa Regional Bürosu, Finlandiya hökuməti və İngiltərə İctimai Səhiyyəsinin təşkilatçılığı ilə Sağlamlığın Qorunmasına dair 6-cı Konfrans (2019) keçirilmişdir.
ÜST-ün “Həbsxanalarda Sağlamlıq” (ÜST HİPP) Proqramı çərçivəsində, üzv ölkələrin, partyor təşkilatların və beynəlxalq ekspertlərin cəlb edilməsi ilə, İngiltərə, İrlandiya, Qırğızıstan, Danimarka və Portuqaliyada keçmiş illərdə müvafiq konfranslar artıq keçirilmişdir. Konfransın məqsədi ÜST Avropa Regionunun İctimai Səhiyyə sistemi ilə həbsxanaların səhiyyə sisteminin təkmilləşdirilməsi üçün qabaqcıl təcrübə mübadiləsi üçün platforma yaratmaqdan ibarət olmuşdur.
25-27 mart tarixlərində baş tutan konfransın mövzusu həbsxanalarda tibb xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq əməkdaşlığın təməlini qoymaqdan ibarət idi. Tədbirdə ölkəmizi Ədliyyə Nazirliyi Tibb baş idarəsinin əməkdaşları təmsil etmişdir. Təmsilçilərimizdən biri vərəmin profilaktikası və infeksiya ilə mübarizə, ictimai səhiyyə və həbsxanalarda səhiyyə tədbirlərinin birləşdirilməsi mövzusunda məruzə ilə çıxış etmişdir.