4 Aprel 2022-ci il tarixində, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının aparıcı vətəndaş cəmiyyəti təşkilatı olan “Sağlamlığa Xidmət” İctimai Birliyi Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Konfrans keçirmişdir. Yaponiyanın Azərbaycandakı səfirliyinin açılmasının 30 illiyi ilə əlaqədar elan edilmiş “Azərbaycan-Yaponiya dostluq ili - 2022” çərçivəsində Azərbaycanda silsilə tədbirlər sırasında yer alan bu Konfransın məqsədlərindən biri Yaponiya və Azərbaycan arasında vərəm/COVID-19-a cavab tədbirlərinə yönəlmiş əməkdaşlıq müstəvisində, Yaponiyanın ən yeni vərəm diaqnostik texnologiyalarının vasitəsilə əlçatmaz ərazilərdə yaşayan insanlar üçün vərəmin aşkarlanmasını mümkün edən və onların sayəsində əldə olunan nailiyyətləri də işıqlandırmaqdır.
Konfransda vərəmlə mübarizə üzrə yerli və beynəlxalq ekspertlər, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, parlamentarilər, nazirliklər və ən yüksək səviyyədə təmsil olunan qurumlar iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, “Stop vərəm” Partnyorluğunun icraçı direktoru Lucica Ditiu tədbirin qonaqları arasında yer almışdır.
Konfransda Ümumdünya Vərəmlə Mübarizə Gününün “Vərəmi son qoymaq üçün sərmayə qoyun!” şüarı altında ölkə liderlərini və biznes nümayəndələrini vərəmə sərmayə qoymağa (xüsusən də yeni texnologiyalarla vərəmin skrininqinə) və 2018-ci ildə baş tutan BMT yüksək səviyyəli görüşündə verilən vədlərə əməl etmək çağırışları səsləndirilmişdir.
5 Aprel tarixində, “Stop vərəm” Partnyorluğunun icraçı direktoru Lucica Ditiu Azərbaycana rəsmi səfərin gündəliyi çərçivəsində Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ilə birlikdə İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə baş çəkmiş, Vərəm xidmətinin təşkil edilməsi ilə tanış olmuş, eyni zamanda, Həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzinə baş çəkmişdir.
Stop Vərəm Partnyorluğunun İçraçı direktoru Luçika Ditiu Ümumdünya Vərəmlə Mübarizə gününə həsr edilmiş Konfransda iştirak etmək üçün Azərbaycana səfər etmişdir
05.04.2022