Azərbaycan nümayəndə heyəti “Həbsxanalarda sağlamlıq” mövzusunda Birinci Ümumdünya Konfransında iştirak edib

30.06.2022

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində “Həbsxanalarda sağlamlıq” mövzusunda Birinci Ümumdünya Konfransı keçirilib.

Tədbirin məqsədi səhiyyə müəssisələrinin rəhbər şəxsləri, yüksək səviyyəli menecerlər, elmi mütəxəssis və tədqiqatçıların həbsxanalarda səhiyyə barədə məlumatlılığını, bilik və bacarıqlarını artırmaqla, həbsxanalarda sağlamlığın qorunması istiqamətində ümummilli idarəetmə yanaşmasını birgə təşviq etməkdən ibarət olub.

80-dən çox ölkədən 450-dən artıq nümayəndənin, o cümlədən BQXK-nın Cenevrə ofisinin rəhbər şəxslərinin və menecerlərinin, bütün qitələr üzrə rəhbər mütəxəssislərin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Avropa Şurasının təmsilçilərinin, cəza-icra sistemlərinin inzibati rəhbərlərinin və tibb xidməti işçilərinin qatıldığı konfransda Azərbaycanın Ədliyyə və Səhiyyə nazirliklərinin rəhbər şəxsləri, TƏBİB-in və vətəndaş cəmiyyəti institutunun nümayəndələri iştirak ediblər.

Vərəmlə mübarizədə Azərbaycanın təcrübəsi nəzərə alınaraq BQXK Cenevrə ofisinin təşəbbüsü ilə “Yoluxucu xəstəliklər: vərəm və qanla ötürülən xəstəliklər” mövzusunda simpoziumun gündəliyinə “COVID-19 pandemiyası şəraitində Azərbaycanın penitensiar müəssisələrində vərəmə nəzarət tədbirləri” barədə təqdimatın keçirilməsi daxil edilib və Ədliyyə Nazirliyi Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev tərəfindən təqdimatla çıxış edib.

Konfrans zamanı təşkil olunan xüsusi sessiyalarda ölkəmizin nümayəndələri tərəfindən müxtəlif mövzulara həsr olunmuş 5 poster nümayiş etdirilmiş və onların ətrafına geniş müzakirələr aparılmışdır.

Tədbir haqqında daha ətraflı:
www.justice.gov.az
www.azertag.az